Ankaranın Yaxın Şərqdəki mövqeləri güclənir| Rusiya-Türkiyə münasibətlərindən nə gözləmək olar?

2024/11/1732948317.jpg
Oxunub: 570     19:30     01 Dekabr 2024    
İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun keçirdiyi hərbi kabinetin iclası barədə məlumat yayıb. Hökumətin əsas üzvlərindən başqa, xüsusi xidmət orqanlarının direktorları Ronen Bar və Davit Bernea, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Halevi də iştirak edib.

Xüsusi xidmət orqanlarının məlumatlarına görə, ötən ilin oktyabrında HƏMAS tərəfindən qaçırılan 101 İsrail vətəndaşından 51-i Qəzza zolağında sağ qalıb. Hökumətə yaxın mənbələrin bildirdiyinə görə, xüsusi xidmət orqanları və Silahlı Qüvvələrin Baş Qərargahı siyasi rəhbərliyə məruzə edib ki, HƏMAS-la sövdələşmə yenidən təxirə salınarsa, girovların qaytarılması mümkün olmayacaq.

Netanyahunun hərbi kabinetinin hansı qərarı verdiyi barədə heç bir məlumat yoxdur. Məlumdur ki, İsraildə daxili siyasi vəziyyət getdikcə pisləşir. Noyabrın 18-dən Müdafiə Nazirliyi 7 min pravoslav dindarın səfərbər edilməsinə başlayır, din xadimləri dindarları itaətsizliyə və müharibədə iştirak etməməyə çağırıblar. Girovların yaxınları yenidən Yerusəlimdə nümayiş təşkil edərək, Netanyahunun istefasını tələb ediblər.

Bir ildən çoxdur davam edən, oktyabrdan etibarən Livanda İsrail ordusunun quru əməliyyatının əlavə olunduğu müharibə, ABŞ-nin böyük dəstəyinə baxmayaraq, Netanyahu hökumətinə qəti hərbi uğur gətirməyib. Netanyahunun ABŞ-nin yeni administrasiyasından daha çox dəstək gözlədiyi bu mərhələdə məlum olub ki, Qətər danışıqlarda HƏMAS-ın maraqlarını təmsil etməkdən imtina edir və Fələstin qruplaşmasının siyasi qanadını Dohadakı mərkəzi ofisini bağlamağa çağırıb.

Noyabrın 15-də Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al-Tani Türkiyəyə səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. Türkiyə mətbuatı yazır ki, HƏMAS-ın siyasi rəhbərliyinin bir neçə nümayəndəsi artıq Türkiyəyə köçüb, digərləri də yaxın vaxtlarda Dohanı tərk edərək, yenidən Türkiyədə məskunlaşmağı planlaşdırır.

İsrail-Fələstin müharibəsi başlayandan bəri Türkiyə dəfələrlə vasitəçilik təklifi etsə də, danışıqların əsas moderatoru ABŞ Qətərə üstünlük verib. HƏMAS-ın siyasi qanadı Türkiyəyə keçib, Ankara və ya İstanbulda ofis yaradarsa, Türkiyənin İsrail-Fələstin vasitəçilik danışıqlarında iştirakı qaçılmaz və zəruri olacaq.

Qətərin HƏMAS-ın danışıq aparan qrupunu öz təşəbbüsü ilə, yoxsa Türkiyə ilə ilkin razılaşma nəticəsində paytaxtından qovmasından asılı olmayaraq, fələstinli nümayəndələr Türkiyə ərazisində məskunlaşarsa, o zaman Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın da sonrakı müzakirələrə cəlb olunacaq, çünki hələlik müzakirələr xüsusi xidmət orqanlarının rəhbərləri formatında gedir.

Demokrat Bayden administrasiyası daha iki ay Ağ Evdə qalacaq. Belə bir təəssürat yaranır ki, bu müddət ərzində Vaşinqton İsrail-“Hizbullah” razılaşmasında olduğu kimi, İsrail-Fələstin atəşkəs razılaşmasına da nail olmağa çalışır. Türkiyənin müdaxiləsi halında Ankara layiq olduğu şeyi - Suriyanın şimalında YPG-yə qarşı hərbi əməliyyatlar keçirmək hüququnu tələb edəcək.

Belə olan halda Türkiyə və Rusiya Yaxın Şərqdə müttəfiqdən rəqibə çevriləcək. Bu potensial gərginlik, şübhəsiz ki, Cənubi Qafqazda da öz əksini tapacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin